Futbol üzrə Belçika yığmasının hücumçusu Romelu Lukaku İngiltərənin “Çelsi” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu yenidən İtaliyanın “İnter” klubuna qayıdıb.
Bu barədə London və Milan təmsilçiləri rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Zadəganlar” belçikalı hücumçunu A Seriyası klubuna 1 illik icarəyə verib. “Çelsi” bu keçidə görə 8 milyon avro qazanacaq. Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30 faiz azaldılmasına razı olub. Onun illik məvacibi 10 milyon sterlinqdən 7 milyon sterlinqə düşüb.
Xatırladaq ki, Romelu Lukaku 2019-2021-ci illər aralığında məhz “İnter”də oynayıb. Həmin dövrdə o, Milan təmsilçisində meydana çıxdığı 95 matçda 64 qola imza atıb.
Belçika yığmasının üzvü ötən yay 113 milyon avro qarşılığına “Çelsi”yə satılmışdı. Amma o, ikinci dəfə üz tutduğu London təmsilçisində yenə özünü doğrulda bilməyib. Forvard 2011-2014-cü illər aralığında çıxış etdiyi bu komandada əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün “Vest Bromviç” və “Everton”a icarəyə verilib. Həmin dövrdə o, “zadəganlar”ın heyətində cəmi 15 matça çıxmış və qol vura bilməmişdi. Geridə qalan mövsümdə isə təcrübəli futbolçu 44 matça çıxıb və 15 qol vurub.
“Anderlext”in yetirməsi olan, peşəkar karyerasına da məhz bu komandada başlamış Lukaku, ölkəsinin millisində 102 oyuna 68 qol vurub. O, karyerası ərzində “Everton” və “Mançester Yunayted” kimi klubların da formasını geyinib. Təcrübəli hücumçunun ən çox duruş gətirdiyi komanda da elə 2014-2017-ci illər aralığında 100-dən çox oyun keçirdiyi “Everton”dur.


