Futbol üzrə Belçika yığmasının və “Sauthempton”un dayaq yarımmüdafiəçisi Romeo Laviya bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Mavilər” 19 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalayıblar. Bu münasibətlə “zadəganlar”ın müştərək idman direktorları Lourens Stüart və Pol Uinstenli açıqlama veriblər:
“Romeonu “Çelsi”də qarşıladığımıza görə çox şadıq. O, ötən mövsüm Premyer Liqada “Sauthempton”la öz keyfiyyətlərini göstərib, gənc yaşına rəğmən, yetkinlik nümayiş etdirib. O, bir müddətdir izlədiyimiz futbolçudur. Biz hesab edirik ki, o, yeni mövsümdə və gələcək illərdə “Çelsi”yə təsir göstərməyə hazırdır”.
“Çelsi” bu transfer üçün “Sauthempton”a 62 milyon avro ödəyəcək. Halbuki, “Sauthempton” onu ötən ilin iyul ayında “Mançester Siti”dən 12,3 milyon avroya transfer etmişdi. “Anderlext”in yetirməsi vaxtilə “şəhərlilər”in əsas komandasında 2 oyun keçirib. Geridə qalmış 2022/2023 mövsümündə isə o, “Sauthempton”un heyətində 34 oyuna çıxıb, 1 qol vurub və eyni məhsuldar ötürmə verib.
Laviya cari ilin mart ayında Belçika yığmasının heyətində debüt edib, cəmi 1 oyun keçirib.
Yeri gəlmişkən, “Çelsi” gənc futbolçları Çezare Kasadey ilə Harvi Veyli də icarəyə göndərib. Kasadey “Lester Siti”yə, Veyl “Bristol Rovers”ə keçib. Onlar bu mövsümün sonuna kimi icarədə çıxış edəcəklər.
“Çelsi” Milan “İnter”inin yetirməsi olan Kasadeyi ötən ilin avqustunda 15 milyon avroya transfer edib. 20 yaşlı italyan ötən mövsüm “Ridinq”də də icarədə olub.
Veyl isə “Çelsi”nin öz yetirməsidir. 19 yaşlı ingilis yarımmüdafiəçi ötən mövsüm “Hall Siti”də də icarədə olub.


