2026/2027-ci illər mövsümünə hazırlığı davam etdirən “İmişli” braziliyalı mərkəz müdafiəçisi Ronaldo Rodriqes de Souza ilə yollarını ayırıb.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
28 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Ronaldo Rodriqes de Souza ötən ilin yayında “İmişli” ilə 1 illik müqavilə bağlamışdı. Mərkəz müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 30 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı futbolçu karyerası ərzində “Alverka”, “Borneo”, “Anadiya”, “Sportinq” (U-23), “Kruzeyro” kimi klublarda çıxış edib. O, vaxtilə Braziliyanın U-17 yığmasında da forma geyinib.
“İmişli” bu yay Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Abbas Ağazadə, Hüseynəli Quliyev, Rafael Vyeqas, Andrey Sinenka və Ezekiel Morqanla da yollarını ayırıb. Gedənlərin əvəzində Seyxan Fərəcov, Fərid Nəbiyev, Bəxtiyar Həsənalızadə, Sadiq Məmmədzadə, Yusif İmanov, İvan Senin və Pikas heyətə cəlb ediliblər. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə də yeni müqavilə imzalanıb.


