Ronaldo, Ramos və Vinisiusdan Kroosun qərarına reaksiya

“Real”ın sabiq hücumçusu Kristiano Ronaldo Toni Kroosun AÇ-2024-dən sonra karyerasını başa vurmaqla bağlı qərarına reaksiya verib.

Arena.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinən Kristiano Ronaldo keçmiş komanda yoldaşının qərarına belə münasibət bildirib:

“Hər şey üçün çox sağ ol, Toni! Meydanı səninlə birgə bölüşdürmək qürurdur. Gələcək həyatında ən yaxşısını arzulayıram!”

“Real”ın sabiq müdafiəçisi, hazırda “Sevilya”nın futbolçusu olan Serxio Ramos da Kroosun qərarı ilə bağlı sosial şəbəkə hesasında duyğularını paylaşıb:

“Səninlə bu qədər özəl anları və uğurları bölüşmək mənim üçün xoş idi. Sən unikal bir oyunçu və fərqli bir insansan, ən yaxşılarındansan. Həmişə mənim komandamdasan, Antonio. Yeni həyatından və gözəl karyerandan həzz al”.

“Real”ın braziliyalı vingeri Vinisius Junior da komanda yoldaşının futbolçu karyerasını bitirməsi xəbərinə münasibətini bildirib. O, özünün sosial şəbəkə hesabı üzərindən qısa olsa da, duyğusal paylaşması ilə diqqət çəkib. “Antonio”, – kəlməsini dərc etmiş Vinisius göz yaşları və sınıq ürək emojilərini əlavə edərək duyğusal mübasibətini ifadə edib.

Xatırladaq ki, Kroos ötən gün gözlənilməz şəkildə karyerasını bitirməyə qərar verdiyini açıqlayıb. O, 2014-cü ilin iyulundan “Real”da çıxış edirdi. Yarımmüdafiəçinin bu klubla müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 46 oyuna 1 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 463 oyun, 28 qol, 98 assist.

Toninin “Real”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.

Rostok “Hanza”sının yetirməsi olan təcrübəli alman futbolçu “Real”a qədər ölkəsində “Bayern” və “Bayer”də çıxış edib.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 108 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: