Rövnəq Abdullayev milli komandanın üzvləri ilə görüşdü – FOTO

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Arena.az xəbər verir ki, görüş Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində baş tutub.

Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyev də iştirak ediblər.

AFFA prezidenti millimizin üzvlərini Novruz bayramı münasibətilə təbrik edib. Rövnəq Abdullayev 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ oyunlarında komandamıza uğurlar arzulayb.

Baş məşqçi Canni De Byazi və millimizin kapitanı Emin Mahmudov AFFA rəhbərliyinə görüşə görə təşəkkür ediblər. Onlar qarşıdakı oyunlarda uğurlu nəticə qazanmaq üçün komandanın tam gücü ilə səfərbər olacağını qeyd ediblər.

Xatırladaq ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində millimiz martın 24-də Linz şəhərindəki “Rayffayzen Arena”da Avstriya yığmasının qonağı olacaq. Bundan 3 gün sonra isə Solna şəhərində yerləşən “Friends Arena”da İsveç komandası ilə qarşılaşma baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: