“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın məzunu, ingilis hücumçu Markus Raşforda münasibətini açıqlayıb.
Arena.az xatırladır ki, Raşford “Mançester Siti” ilə Premyer Liqanın 16-cı tur səfər oyununun (2:1) iştirak ərizəsinə salınmayıb və həmçinin klubun Raşfordu satmağa hazır olduğu haqda məlumat yayılıb.
“Mançester Yunayted”ə böyük istedad gərəkdir və o, böyük istedaddır, ona görə də o, sadəcə, yüksək səviyyədə oynamalıdır. Bu, mənim məqsədimdir. Mən sadəcə Markusa kömək etmək istəyirəm və düşünürəm ki, onunla bizə daha yaxşıdır.
Biz Markusu keçmişdə göstərdiyi ən yaxşı səviyyəyə çatdırmaq üçün müxtəlif xüsusların icrasına çalışacağıq,” – deyə Ruben Amorim bildirib.
Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.
Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.
İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.
Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


