Rudi Qarsiya: “Bu, mənim məşqçilik fəlsəfəmdir”

Futbol üzrə Belçika millisinin baş məşqçisi Rudi Qarsiya DÇ-2026-nın 1/8 finalında ABŞ yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:1 hesablı qələbədən sonra FIFA-nın Folarin Baloqunla bağlı qalmaqallı qərarının komandasına təsir etmədiyini bildirib.

Qarsiyanın sözlərinə görə, nə yaranmış qalmaqal futbolçuları əlavə motivasiya edib, nə də diqqətlərini yayındırıb:

“Buna ehtiyac yox idi. Bizim üçün ən vacib məsələ oyun planımız idi. Matça nəzarət etmək, rəqibin pressinqinə uymamaq və daha öndə oynamaq istəyirdik. Ustalıqla, böyük istək və fədakarlıqla çıxış etdik. Bu, bizim üçün əla axşam və 1/4 finala yaxşı hazırlıq oldu”, – deyə Rudi Qarsiya bildirib.

Baş məşqçi futbolçuların Baloqun işi barədə məlumatlı olduqlarını təsdiqləyib:

“Onlara baş verənləri izah etdik. Komandamız çox yetkindir. Liderlərimiz belə situasiyaların öhdəsindən gəlməyi bacarırlar. Mən onlara dedim ki, ən vacibi öz komandamızdır. Biz rəqibə uyğunlaşmırıq, öz oyun prinsiplərimizə sadiq qalırıq. Bu, mənim məşqçilik fəlsəfəmdir”.

Rudi Qarsiya matçdan sonra Baloqunun onunla söhbət etdiyini də açıqlayıb:

“O, mənimlə danışmağa gəldi və bu, çox xoşuma gəldi. O, günahkar deyil. Bunu ona da dedim. Mənə yaxınlaşmasını yüksək qiymətləndirirəm”.

Belçika 1/4 finalda İspaniya ilə qarşılaşacaq. Lakin komanda dizindən ciddi zədə alan yarımmüdafiəçi Amadu Onananın xidmətindən məhrum ola bilər.

“Onun adına çox üzülürük. Amma artıq 1/4 finaldayıq və məqsədimiz yarımfinala yüksəlməkdir”, – deyə Qarsiya əlavə edib.

Poçettino: “Bu, nə komanda, nə də fərdi olaraq bizim günümüz idi”

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Belçikaya 1:4 hesablı məğlubiyyətdən sonra komandasının öz səviyyəsini göstərə bilmədiyini etiraf edib:

“Komanda olaraq bacardıqlarımızı nümayiş etdirə bilmədik. Oyuna kifayət qədər enerji qoymadıq. Belçika bizdən üstün idi, məsələ bundan ibarətdir. Çox uğursuz gün keçirdik. Bu, nə komanda, nə də fərdi olaraq bizim günümüz idi. Dünya çempionatının pley-offunda belə çıxış etsən, turnirlə vidalaşıb evə qayıdırsan. Hətta qol vurduqdan dərhal sonra yenidən top buraxdıq. Belə məqamlarda təslim olmaq olmaz”.

Argentinalı mütəxəssis Baloqunun oyuna buraxılması ətrafında yaranan qalmaqalın nəticəyə təsir etdiyini də qəbul etməyib:

“Bu gün sadəcə yaxşı oynamadıq. Bəhanə axtarmağa ehtiyac yoxdur. Baş verənlər artıq keçmişdə qalıb və komandamıza təsir etməyib”.

Poçettinonun ABŞ millisi ilə müqaviləsi dünya çempionatından sonra başa çatır. O, gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib:

“İndi bir qədər dincəlmək, düşünmək və vəziyyəti müzakirə etmək lazımdır. Sonra federasiya və biz birlikdə gələcək barədə qərar verəcəyik”.

Buna baxmayaraq, Poçettino son bir ildə ABŞ millisinin ciddi inkişaf etdiyini vurğulayıb:

“İnkişaf etməyə davam etməliyik. Amma qürur duyuram. Düşünürəm ki, gələcək üçün düzgün prinsipləri formalaşdırmışıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: