Futbol üzrə Azərbaycan milli komandasının sağ cinah hücumçusu Rüfət Abdullazadə İsrailin “İroni Kiryat Şmona” klubunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu İsrail Kuboku çərçivəsində qarşılaşdıqları “İroni Tiberias” ilə görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 61-ci dəqiqədə məhz Rüfət vurub.
Xatırladaq ki, Rüfət Abdullazadə “İroni Kiryat Şmona”ya bu yay Xorvatiyanın “Varajdin” klubundan icarə müqaviləsi əsasında keçib. O, 2026/2027-ci illər mövsümünün sonunadək İsraildə çıxış edəcək. Azərbaycanlı futbolçu bu komandanın heyətində hələlik 2 oyun keçirib, 1 qol vurub.
“Varajdin” isə Rüfəti 2025-ci ilin yayında “Səbail”dən transfer edib. Futbolçunun bu klubla 2028-ci ilin 30 iyununadək müqaviləsi var. Abdullazadə “Varajdin”də cəmi 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsümün ikinci yarısında isə o, “Zirə”də icarədə olub və məhsuldar fəaliyyəti ilə diqət çəkmədiyi 9 oyun keçirib.
Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.


