Rüfət Dadaşov 4-6 həftə “Dinamo”ya kömək edə bilməyəcək

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov təxminən 4-6 həftə Almaniyanın “Dinamo” komandasına kömək edə bilməyəcək.

Arena.az “Kicker”ə istinadən xəbər verir ki, bunu Berlin təmsilçisinin baş məşqçisi Dirk Kunert açıqlayıb.

Onun sözlərinə görə, məşqdə zədələnən 32 yaşlı hücumçunun sağalma prosesi sürətli getsə, Regional Liqanın son iki turunda iştirak edə biləcək: “Çarpaz bağın yırtılmaması yaxşı xəbərdir. Dadaşovun zədələnməsi bizim üçün ciddi itkidir. Rüfət təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdur”.

Xatırladaq ki, azərbaycanlı hücumçu son məşqlərin birində ciddi zədə alıb. Komanda yoldaşı ilə toqquşan 32 yaşlı forvardın dizindəki problemin ciddi olduğu və 6 aya yaxın futbol oynaya bilməyəcəyi bildirilirdi. Lakin MRT-dən sonra futbolçunun durumunun o qədər də qorxulu olmadığı müəyyənləşib.

Dadaşovun formasını geyindiyi “Dinamo” komandası Almaniya Regional Liqasında mübarizə aparır. Futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasında 27 turdan sonra 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Berlin təmsilçisi liderdən cəmi 3 xal geri qalır.

Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 25 oyuna 14 qol vurub, 3 məhsuldar ötürmə edib. Dadaşov hazırda “Dinamo”nun ən məhsuldar futbolçusudur.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: