Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 11-ci turu çərçivəsində bu gün “Herta”nın (Berlin) ikinci kollektivi ilə qarşılaşıb.
“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 2:1.
Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu məhz Dadaşov vurub. 32 yaşlı hücumçu 57-ci dəqiqədə fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 11-ə çatdırıb.
11 turdan sonra 24 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə hücumçu 11 oyuna 11 qol vurub, 2 məhsuldar ötürmə edib.
Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.


