Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 13-cü turu çərçivəsində “Erfurt”la qarşılaşıb.
“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:3.
Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Bu mövsüm 12 qol vurmuş azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
13 turdan sonra 25 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə hücumçu 13 oyuna 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.


