Rüfət Dadaşov sabiq klubu ilə oyunu kənardan izlədi

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Almaniyanın “Dinamo” (Berlin) komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Almaniyanın Şimal-Şərq Regional Liqasının 20-ci turu çərçivəsində “Moyzelvits”lə qarşılaşıb.

“Dinamo” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 13 qola imza atmış azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Buna onun sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşməsi səbəb olub.

20 turdan sonra 35 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış 3 oyunu da var.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya 2023-cü ilin yayında “Şalke”dən azad agent qismində keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə də “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə 32 yaşlı hücumçu 16 oyuna 13 qol vurub, 3 məhsuldar ötürmə edib.

Azərbaycanlı futbolçu 2016/2017 mövsümündə “Moyzelvits”də də çıxış edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: