“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Uqanda yığmasının da formasını geyinən Luvaqa Kizitonu transfer ediblər.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Luvaqa Kizito Uqandanın “Vipers” klubunun yetirməsidir. O, 2012-ci ildə Portuqaliyaya gəlib və burada “Leyksoeş”, “Kovilya”, “Rio Ave” və “Feyrense” komandalarında forma geyinib. Uqandalı vinger daha sonra Rumıniyanın “Politexnika Yaşi”, Belarusun BATE, Qazaxıstanın “Şaxtyor” (Karaqandi) kimi klublarında da legioner həyatı yaşayıb. 2020-ci ilin əvvəlində İsrailə üz tutan futbolçu əvvəlcə burada “Hapoel” (Kfar Saba) komandasının uğurları üçün çalışıb. Ötən ildən isə o, Nof-Ha-Qalil “Hapoel”ində forma geyinirdi.
2012-ci ildən Uqanda yığmasına dəvət olunan Kizito, millidə 38 oyun keçirib və cəmi 1 qol vura bilib.
“Səbail” Kizitodan öncə Emil Martinov və Qoba Zakpanı da heyətinə qatmışdı. Paytaxt klubu yerli futbolçulardan da Ağabala Ramazanov, Vüsal Qənbərov və Vüqar Həsənlini transfer etmişdi. “Dənizçilər”in heyətində Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə də yeni müqavilələr imzalanıb. Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyevlə yollar ayrılıb.


