Səlahət Ağayev: “Son dəqiqəyə qədər mübarizə aparmalıyıq”

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev AÇ-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 32 yaşlı qolkiper AFFA-nın mətbuat xidmətinə müsahibəsində sonuncu ev matçına çıxacaqlarını xatırladıb:

“Estoniya üzərində səfərdə əldə etdiyimiz qələbə komandada özünəinamı artırmışdı. Məhz bu istək, həvəs və özünəinam ilə Avstriya qarşısına çıxdıq. Yaxşı mübarizə aparıb, təhlükəli vəziyyətlər yaratsaq da, təəssüf ki, penaltidən buraxdığımız qolla məğlub olduq. Qarşıda bizi qrupun son iki oyunu gözləyir. Əlbəttə, istənilən rəqibə qarşı oynamaq, mübarizə aparmaq çətindir. Çalışacağı ki, İsveçlə oyunda azarkeşlərimizi sevindirək. Bu, evdə keçirəcəyimiz son oyun olacaq. Meydandan qələbə ilə ayrılmaq istəyirik”.

Səlahət Ağayev seçmə mərhələdəki sonuncu matçla bağlı fikirlərini də bölüşüb: “Avropa çempionatının finalına vəsiqə qazanmağı təmin edən, qrupun lideri Belçika yığması ilə qarşılaşacağıq. Uğurlu nəticə qazanmaq üçün son dəqiqəyə qədər mübarizə aparmalıyıq, meydanın hər bir qarışı uğrunda “döyüşməliyik”.

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – İsveç matçına saat 21:00-da start veriləcək. Azərbaycan milli komandası 3 gün sonra Belçikanın qonağı olacaq. Belçika – Azərbaycan matçı da noyabrın 19-da Brüsseldəki 50 min azarkeş tutumuna malik “King Baudouin Stadium”da keçiriləcək. Bu oyuna da Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, Belçika yığması hazırda 17 xalla F qrupuna başçılıq edir. Hesabında 7 xal olan İsveç üçüncüdür. Azərbaycan millisi isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: