Sərdar Əzmunun taleyinə qarşıdakı iki həftədə aydınlıq gələcək

“Roma”nın hücumçusu Sərdar Əzmunun maraqlarını təmsil edən futbolçu agenti Armand Durn müştərisinin gələcəyindən danışıb.

Arena.az xatırladır ki, iranlı futbolçu “Roma”da 1 illik icarə əsasında çıxış edir və transfer hüquqları Leverkuzen “Bayer”inə məxsusdur.

“Hələlik Sərdarın gələcəyi ilə bağlı konkret heç nə yoxdur. Əvvəlcə “Roma” idman direktoru ilə məsələni rəsmi şəkildə həll etməlidir. Növbəti iki həftə ərzində daha çox məlumat əldə edəcəyik”, deyə Armand Durn vurğulayıb.

Sərdar Əzmun “Roma”ya 2023-cü ilin avqust ayından “Bayer”dən icarə əsasında gəlib. İtaliya klubu həmin vaxt onu satınalma şərti ilə 1 illik icarəyə götürmüşdü. “Canavarlar” iranlı futbolçunu daimi əsasda tamhüquqlu transfer etmək hüququna malikdirlər və bu halda Leverkuzen klubuna 12 milyon avro məbləğində ödəniş etməlidirlər.

Sərdar Əzmunun yeniyetməlik karyerası İran klublarında keçib. Sərdarın böyük futbolda debütü isə Rusiyanın “Rubin” (Kazan) klubunda baş tutub. Daha sonra Əzmun “Rostov”da icarədə oynayıb və tamhüquqlu əsasda ora transfer edilib. Ardından yenidən “Rubin”ə qayıdıb, daha sonra isə Sankt-Peterburq “Zenit”inə keçib. 2022-ci ildə Əzmun karyerasını daha yüksək səviyyədə davam etditmək imkanı qazanıb və Leverkuzen “Bayer”inə keçib.

Əzmunun futbolçu karyerasında uğurları Sankt-Peterburq “Zenit”ində çıxış etdiyi dövrə təsadüf edir. “Zenit”in heyətində Əzmun 4 dəfə Rusiya çempionu, 1 dəfə Rusiya Kubokunun, və 1 dəfə Rusiya Super Kubokunun qalibi olub.

2023/2024 mövsümündə Əzmun “Roma”nın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Sərdar Əzmun 2014-cü ilin may ayında 19 yaşında debüt etdiyi İran yığmasında 81 oyun keçirib, 52 qol vurub, 14 məhsuldar ötürmə verib.

Türkmənəsilli hücumçu İran futbol tarixində Əlirza Cahanbəxşdən sonra ikinci ən bahalı futbolçudur. Əzmun UEFA Çempionlar Liqasında qol vurmağı bacarmış ən gənc iranlı futbolçudur.

“Transfermarkt” internet-portalı 29 yaşlı iranlı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: