Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkının formasını geyindiyi Türkiyənin “Manisa” komandasına yeni baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, TFF 1-ci Liqada mübarizə aparan klub baş məşqçisi Levent Devrimlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi 54 yaşlı mütəxəssislə müqaviləyə xitam verib.
Xatırladaq ki, Levent Devrim bu ilin aprelində istefaya göndərilmiş Mustafa Dalcını əvəz etmişdi. Lakin klub rəhbərliyi yeni mövsümdə Levent Devrimlə davam etməməyə qərar verib.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Sərtan Taşkının formasını geyindiyi Manisa təmsilçisinə bundan sonra Çağdaş Çavuş rəhbərlik edəcək. 41 yaşlı mütəxəssislə 1 mövsümlük (2025-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Çağdaş Çavuşun sonuncu iş yeri “Kepez Belediyye” olub. O, 2023-cü ildə bu klubdan ayrılandan bəri işsiz idi.
Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 15 matça çıxıb, 3 sarı, 2 qırmızı vərəqə alıb.
“Manisa” geridə qalmış mövsümdə TFF 1-ci Liqada 40 xalla 12-ci yeri tutub.


