AFFA-nın baş katibi Sərxan Hacıyev Belçikaya qarşı AÇ-2024-ün seçmə mərhələsinin sonuncu oyunundan əvvəl jurnalistlərə müsahibə verib.
Arena.az saytının Brüsselə ezam olunmuş əməkdaşının da iştirak etdiyi müsahibədə Sərxan Hacıyev son oyundakı şanslarımızı dəyərləndirib, eləcə də baş məşqçi Canni De Byazinin aqibətindən danışıb:
- Sabahkı oyunla bağlı gözləntiləriniz nədir?
- Rəqibin gücündən, adından asılı olmayaraq, hər matça qələbə əzmi ilə çıxmalıyıq. Düşünürəm ki, İsveçə qarşı inamlı qələbədən sonra komandamız sabah yaxşı və tutarlı futbol sərgiləyəcək. Ümid edirəm ki, oyunları və sonra əldə edilən nəticə ilə bizi sevindirəcəklər. İsveçlə qarşılaşmada inamlı oyun göstərdik və qələbə qazandıq. Lakin bu, artıq keçmişdə qalıb. Komanda bunu unutmalı və növbəti matça köklənməlidir. Ümid edirik ki, qarşıdakı görüşdə də yaxşı nəticə əldə edəcəyik.
- Bəhlul Mustafazadə və Ramil Şeydayev cəza səbəbindən meydana çıxmayacaq. Onların olmaması komandaya necə təsir edə bilər?
- Hər iki oyunçu əsas futbolçularımızdan hesab edilir. Lakin inanıram ki, onları əvəz edəcək yığma üzvləri əllərindən gələni edəcəklər və uğurlu nəticədə pay sahibi olacaqlar.
- Seçmə mərhələ başa çatır. Nəticə sizi qane edirmi?
- Ümumi olaraq sonda qazanılan nəticə çox vacibdir. Bu, əsas amillərdən biridir. Nəticə dedikdə ilk növbədə ağıla 1-ci və 2-ci yerlər gəlir. Amma hər qrupda reallıqları da nəzərə almaq lazımdır. İsveç, Belçika və Avstriya daha güclü kollektivlərdir. Belə millilərə qarşı oynamaq elə də asan deyil. Komandanın göstərdiyi müsbət dinamika da nəzərə alınmalıdır.
“Bu, ölkə futbolu üçün tarixi hadisə olacaq”
- Sabahkı qarşılaşma Canni De Byazinin yığmadakı taleyinə təsir edəcəkmi?
- Bu barədə hazırda bir söz demək çətindir. Məndən əvvəl AFFA prezident Rövnəq Abdullayev də bu barədə fikir bildirib. Düşünürəm ki, oyunun sonunu və İcraiyyə Komitəsinin iclasını gözləmək lazımdır. Baş məqşçi ilə müqavilənin müddəti bitmək üzrədir. Seçmə mərhələdən sonra, yaxın vaxtlarda İcraiyyə Komitəsinin iclası olacaq. Orada hesabat dinləniləcək və qərar veriləcək.
- Qazaxıstan sonuncu turda Sloveniyanı məğlub etsə, final mərhələsinə vəsiqə uğrunda pley-off oynayacağıq. Bu da onun sözləşməsinə təsir edə bilər…
- Hazırda bunu istisna etmək olmaz. Çünki Qazaxıstan Avropa çempionatına vəsiqə qazansa, bizim komanda pley-offa adlayacaq. Seçmə mərhələdən əvvəl bu, real deyildi. Amma artıq bir qələbə hər şeyi həll edəcək. Qazaxıstanın uğurlu oyun dinamikasına baxanda deyə bilərəm ki, hər şey ola bilər. Pley-off şansı yaransa, bu, ölkə futbolu üçün tarixi hadisə olacaq.
- Belçika ilə görüşdə heç-heçə və ya abırlı hesabla məğlubiyyət sizi razı sala bilərmi?
- Birmənalı şəkildə deyə bilərəm ki, hər bir məğlubiyyət, istər abırlı, istərsə də abırsız, qəbuledilməzdir.


