“Sabah” Xuan Kamara ilə yollarını ayırdı

Sabah” yarımmüdafiəçisi Xuan Kamara ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

İspaniyalı futbolçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib. Yarımmüdafiəçi artıq müqavilə ilə məxsus olduğu “Yagelloniya” klubuna qayıdıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xuan Kamara 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. 28 yaşlı futbolçu karyerası ərzində İspaniyanın “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

“Sabah” daha öncə Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes və Səlahət Ağayevlə də yollarını ayırmışdı. Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov və Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayan paytaxt klubu Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Nicat Mehbalıyev və Namik Ələskərovu transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: