“Bayern”in seneqallı hücumçusu Sadio Mane komanda yoldaşı Leroy Sane ilə arasında baş vermiş dava-dalaş haqda ilk dəfə danışıb.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
Xatırladaq ki, aprel ayında Manenin Sanenin sifətinə yumruq vurması haqda xəbər yayılmışdı.
“Belə bir şey baş verə bilər. Elə də oldu və biz barışa bildik. Problemləri həll etməliyik, amma bu şəkildə deyil. İndi hər şey bitib. Klubun növbəti mövsümdə məqsədlərinə çatmasına kömək etmək üçün Leroy ilə birlikdə mübarizə aparmağa çalışacağıq.
İndi ailəmlə birlikdə məzuniyyətdəyəm. “Bayern”dəki ilk mövsümüm futbolda həmişə olduğu kimi çətin keçdi, o səbəbdən də bu, gözlənilməzlik olmadı. Bu, normaldır. Mən çağırışları sevirəm, “Bayern” isə karyeramda böyük çağırışdır”, deyə Sadio Mane bildirib.
31 yaşlı Mane “Bayern”dəki ilk mövsümündə 38 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib, Bundesliqanın qalibi olub.
“Transfermarkt” internet-portalı Sadio Maneni 25 milyon avro məbləğində qiymətləndirir.


