Azərbaycanlı futbolçu İlya Sadıqov Rusiyanın “Ximki” komandasında növbəti matça çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya kubokunun qrup mərhələsi çərçivəsində baş tutan “Nijni Novqorod”la qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda hesabı açan tərəf olsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Qarşılaşmanın əsas vaxtı heç-heçə bitdiyi üçün, reqlamentə əsasən, penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nijni Novqorod” qələbə qazanan tərəf olub – 3:1.
İlya Sadıqov bu matça start heyətdə başlayıb və 76-cı dəqiqədə əvəzlənib. “Ximki”də forma geyinən digər azərbaycanlı futbolçu – Ayaz Quliyev isə bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsində də yer almayıb.
“Ximki” qrup mərhələsində geridə qalan 5 turdan sonra cəmi 2 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.


