Şahruddin Məhəmmədəliyev yenidən “Qarabağ”da – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən “Qarabağ”ın sıralarına qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb. Ağdam təmsilçisi qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib. Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.

Şahruddin Məhəmmədəliyev 2016-2023-cü illər aralığında da “Qarabağ”ın formasını geyinib. O, 2023-cü ilin yayında məhz “Qarabağ”dan Türkiyə klubuna transfer edilmiş və Adana təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı. Lakin sözügedən klubun maliyyə problemləri olduğu üçün, əksər futbolçular kimi Məhəmmədəliyev də Adana təmsilçisini tərk etmək məcburiyyətində qalıb. Şahruddin “Adana Dəmirspor”da bütövlükdə 26 matça çıxıb. O, bu oyunlarda 46 qol buraxıb, 5 “quru” matç keçirib.

Şahruddin vaxtilə “Qarabağ”ın heyətində 131 oyuna çıxıb, 92 qol buraxıb, 66 matçda isə qapısını toxunulmaz saxlayıb. O, “Qarabağ”la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

“Şah” vaxtilə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib. Azərbaycan U-21 yığmasında da oynamış qolkiper 2020-ci ilin oktyabr ayında debüt etdiyi əsas millimizdə də 29 oyun keçirib.

Xatırladaq ki, “Qarabağ” bu yay Fabiyan Buntiç (“Vizela”, Portuqaliya) və Musa Qurbanlını (“Yurqorden”, İsveç) da transfer etmişdi. Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Riçard Almeyda və Abdullah Zubirlə isə yeni müqavilə imzalanıb. Adama Diakabi, Maksim Medvedev, Andrey Lunyov, Nihad Quliyev və Luka Quqeşaşvili komandanı tərk ediblər. Rüstəm Əhmədzadə ilə İsmayıl İbrahimli də yenidən “Zirə”yə icarəyə veriliblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: