Yaxın keçmişdə Almaniyanın yüksək səviyyəli klublarından olan məşhur “Şalke” hazırda öz tarixinin ən keşməkeşli dövrünü yaşayır.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir ki, sözügedən klub 165 milyon avro məbləğində borclarına görə, komandanın hazırda çıxış etdiyi 2-ci Bundesliqadan aşağı liqaya yuvarlanacağı təqdirdə, peşəkar statusunu və lisenziyasını itirə bilər.
Mənbənin məlumatına görə, belə bir mənzərə gerçəkləşərsə, Almaniya futbolunun aşağı liqasını təmsil edən “Şalke” varlığını ancaq sırf həvəskarlar səviyyəsində oynamaqla qoruya biləcək.
Vurğulanır ki, hazırda hər şey buna doğru gedir. Komanda 2-ci Bundesliqanın 19 turundan sonra 20 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Bu, 18 komandanın yer aldığı yarışda turnir cədvəlinin “zirzəmisinin” qonşu mövqeyidir. Bir zamanların məşhur “Şalke”si indi 2-ci Bundesliqanın aşkar qapazaltısıdır.
Xatırladaq ki, Gelzenkirxen təmsilçisi 7 dəfə Almaniya Bundesliqasının (həmçinin 10 gümüş mükafat), 5 dəfə Almaniya Kubokunun (7 dəfə finalçı), Almaniya Liqa Kubokunun (3 dəfə finalçı), Almaniya Super Kubokunun (həmçinin 1 dəfə finalçı) qalibi olub. Komanda həmçinin 2-ci Bundesliqanın üçqat qalibidir.
Beynəlxalq səviyyədə isə “Şalke” UEFA Kubokunun (1996/1997 mövsümü), 2003-cü il İntertoto Kubokunun, 1968-ci il Alp Kubokunun qalibi olub.


