Almaniyanın “Şalke” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Tomas Rays çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyadan olan 49 yaşlı mütəxəssislə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, bu gün komandanı ilk məşqə çıxaracaq.
Tomas Rays buna qədər yalnız “Bohum”da baş məşqçi kimi çalışıb. O, 2014-2015-ci illərdə bu klubun gənclərdən ibarət komandasına rəhbərlik edib. 2019-cu ildən Rays “Bohum”un əsas komandasının “sükanı arxası”nda çalışırdı. O, “Şalke”də ötən həftə istefaya göndərilmiş Frank Krameri əvəz edib. Hansı ki, Kramerin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Sözügedən komanda 11 turdan sonra cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 6 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


