Futbol üzrə İtaliya milli komandasının və “Fiorentina”nın sabiq qapıçısı Salvatore Siriqu özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, təcrübəli qolkiper bundan sonra Fransanın “Nitsa” klubuna forma geyinəcək.
Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb. Bu yay Florensiya klubundan ayrılan və azad agent statusuna malik 36 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Salvatore Siriqu bu ilin yanvar ayından “Fiorentina”da çıxış edirdi. O, bu klubda keçirdiyi yarım mövsüm ərzində cəmi 2 oyuna çıxıb.
“Palermo”nun yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Siriqu, sonralar “Kremoneze”, “Ankona”, PSJ, “Sevilya”, “Osasuna”, “Cenoa” və “Torino”da da çıxış edib. O, İtaliya yığmasında da 28 oyun keçirib.

Yeri gəlmişkən, “Fiorentina”nın hücumameyilli yarımmüdafiəçisi Abdelhamid Sabiri də Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fayha”ya keçib. Sözügedən klub Mərakeşdən olan 26 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. Səudiyyə Ərəbistanı klubu bir mövsümlük icarə üçün florensiyalılara 300 min avro ödəyiblər. Futbolçunun birdəfəlik transferi üçün nə qədər ödəniləcəyi açıqlanmır.
Abdelhamid Sabiri peşəkar karyerasının ilk illərində Almaniyanın “Sportfrunde”, “Nürnberq”, “Paderborn” kimi klublarının formasını geyinib. O, “Haddersfild Taun”, “Askoli” və “Sampdoriya”nın da uğurları üçün çalışıb. Vaxtilə Almaniyanın U-21 yığmasında oynamış Sabiri 2022-ci ildən Mərakeş milli komandasına dəvət alır. O, ölkəsinin yığmasında 11 oyun keçirib, 2 qola imza atıb.


