Sami Uğurlu yenidən “Kasımpaşa”da

Türkiyəli futbol mütəxəssisi Sami Uğurlu yenidən Super Liqada mübarizə aparan “Kasımpaşa” komandasının baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

45 yaşlı mütəxəssislə mövsümün sonun kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Kemal Özdeşi əvəz edib.

Xatırladaq ki, Sami Uğurlu əvvəllər də “Kasımpaşa”da məşqçi kimi işləyib. O, 2020-2021-ci illərdə bu klubda köməkçi-məşqçi çalışıb, 2021/2022 mövsümündə isə “Kasımpaşa”nın baş məşqçisi olub. Uğurlu həmin vaxt bu komandanı 24 oyuna çıxarıb. İstanbul təmsilçisi bu oyunlarda 14 qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Sami bu ilin martından may ayına kimi “Bandırmaspor”u çalışdırıb.

Kemal Özdeş isə cari ilin aprel ayında bu komandaya baş məşqçi təyin olunmuşdu. İstanbul təmsilçisi bu müddətdə onun rəhbərliyi altında 24 oyun keçirib. Komanda 10 qələbə qazanıb, 5 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

“Kasımpaşa” hazırda 18 xalla Super Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: