Samir Abasov: “Bu, başlanğıc üçün pis nəticə deyil”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Yaxşı ki, uduzmadıq. Çünki bu da baş verə bilərdi. Oyunun bəzi hissələrində rəqib üstünlüyü ələ almışdı. Keçənilki vəziyyəti nəzərə alsaq, bu mövsüm çempionatın üç oyununda da xal götürmək bizim üçün yaxşı haldır. Vaxtımız var, hazırlaşacağıq. Yeni gələn oyunçuların fiziki durumunun aşağı olması bizə əziyyət verir. Oyun tonusunu matçboyu saxlaya bilmirik. Amma birinci hissədə xoş olan məqamlar var idi, yaxşı hücumlar qürurduq. İstəyirik ki, bunu bütün oyun edək. Alınsa, daha yaxşı komanda görəcəyimizə inanıram.

Oyunun sonuna qədər çatdıra bilmirik. Tam yay toplanışını keçməyən oyunçularımız var. Onları oyunlarla formaya gətirəcəyik. Bilirəm ki, 4-5 futbolçu tam olaraq 90 dəqiqə oynamağa hazır deyil.

Üzüldüyüm məqam odur ki, rəqibə qarşılıq biz heç nə edə bilmədik. Ancaq anlayıram. Oyunu tonusda keçirmək üçün fiziki sarıdan yaxşı durumda olmaq lazımdır. Bu gün xal itirsək də, başlanğıc üçün o qədər də pis nəticə deyil.

Hücumda problemlərimiz göz önündədir, üzərində də işləyirik. Komandaya iki vinger gətirmək üçün işlər gedir, danışırıq, axtarırıq”.

Azər Bağırov: “Çatışmayan cəhətlərimiz daha çoxdur”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə heç-heçə ilə bağlı bunları söyləyib:

“İki fərqli hissə izlədik. Birinci hissədə daha çox müdafiə olunduq, boşluqlar verdik. Verdiyimiz tapşırıqları ilk yarıda orta xəttdəki oyunçular yerinə yetirmirdi. Fasilədən sonra uşaqlar toparlandılar və necə lazımdı, necə tapşırılmışdısa, davam etdik. Çoxlu qol epizodlarımız oldu. Məncə, bu gün “Sumqayıt” bir xal qazandı.

Rəqibi meydana yayaraq tapşırılmış zonalara ötürmələr etməliydik. Orta xəttimiz çatdırmadığına, tapşırığı düzgün yerinə yetirmədiyinə görə dediklərimiz alınmırdı. İkinci yarıda cinahlardan, orta xətdən asmalarla rəqibi müdafiədə otuzdurduq. İkinci hissədə tam fərqli oyun oynadıq. Hansı ki, onu birinci hissədə etməliydik.

Bu gün geridə qalan dörd turdakı ən pis 45 dəqiqəmizi keçirdik. Bizim kimi yeni yığılan komandada bir futbolçunun meydanda səhv gedişatı olanda boşluqlar görünür. Çünki rəqiblərimiz daha hazırlıqlıdır. Çempionat üçün yığılan ən gec komandayıq və çatışmayan cəhətlərimiz daha çoxdur.

Transferimiz olacaq. İşlər gedir. Transferlərdə səhv etmək istəmirik. Çempionatın gedişatında səhvlərimiz ola bilər. Bu da tələskənliyimizdən irəli gəlir. Bu gün hamını komandaya uyğunlaşdırmağa çalışırıq. Amma transferi düşünürük. Hücumameyilli oyunçu gətirməyi planlaşdırırıq. Vinger və ya “10 nömrə” də ola bilər.

Bir səhvinə görə qapıçı ilə sağollaşmaq istəməzdik. Semir Bukviç Bosniya və Herseqovina çempionatında çıxış edib, yetərincə normal qapıçıdır. Demirəm top qapıçılardandır, amma normaldır. Doğrudur, “Turan Tovuz”la görüşdə səhvlərlə yadda qaldı, onun günü deyildi. Amma bu gün burdadırsa, ona inanırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: