“Samsunspor” icarəyə verdiyi futbolçusunu geri çağırdı

İki mövsümlük transfer qadağası ilə üzləşən “Samsunspor” “Göztəpə”də icarədə olan futbolçusu Celil Yükseli geri çağırıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, buna “qırmızı-ağ”ların FİFA tərəfindən transfer qadağası ilə üzləşməsi səbəb olub.

Celil Yüksel bu mövsümün əvvəlində “Göztəpə”yə bir illik icarəyə verilmişdi. Lakin bu komandada adətən ehtiyat oyunçular skamyasında əyləşən 25 yaşlı futbolçunun da Samsun klubuna qayıtmaqda maraqlı olduğu bildirilir. O, bu mövsüm “Göztəpə”də 15 matça çıxıb və 1 qol vurub.

“Samsunspor” bu mövsümdən vəsiqə qazandığı Türkiyə Super Liqasında uğursuz çıxışı ilə diqqət çəkir. Sözügedən komanda mövsümün ilk dövrəsində keçirdiyi 17 oyunda 4 qələbə qazanıb, 3 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb. Samsun təmsilçisi hazırda 15 xalla 20 iştirakçı arasında 18-ci sırada qərarlaşıb.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: