Santyaqo Deniya – Çexiya millisinin yeni baş məşqçisi!

İspaniyalı futbol mütəxəssisi Santyaqo Deniya Sançes Çexiya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.

52 yaşlı mütəxəssislə imzalanan əmək müqaviləsi iki il müddətinə nəzərdə tutulub və dərhal qüvvəyə minib. Müqavilədə uzadılma imkanı da nəzərdə tutulub.

Pireneyli çalışdırıcı bu postda Çexiya millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışından sonra istefaya göndərilmiş Miroslav Koubeki əvəzləyib. Xatırladaq ki, əvvəlki məşqçi heyətinin rəhbərliyi altında Çexiya millisi A qrupunda sonuncu yeri tutub, cəmi bir xal toplayıb və turnirdə mübarizəni erkən dayandırıb.

Santyaqo Deniya məşqçiliyə Madrid “Atletiko”sunda köməkçi kimi başlayıb. Daha sonra o, uzun illər İspaniyanın U-17, U-19, U-21 və U-23 yığmalarına rəhbərlik edib. Deniyanın sonuncu iş yeri 2025-ci ildə çalışdırdığı Qətərin “Əl-Şahaniya” komandası olub.

Deniyanın məşqçilik karyerasındakı ən böyük uğuru 2024-cü ildə Parisdə keçirilmiş Olimpiya Oyunlarında İspaniya olimpiya yığmasına rəhbərlik edərək qızıl medallar qazanmasıdır. Bundan əlavə, mütəxəssis aşağı yaş qruplarında da uğurlu fəaliyyət göstərib. O, İspaniya yığmalarını 17 yaşadək futbolçular arasında 2017-ci il Avropa çempionatında və 19 yaşadək futbolçular arasında 2019-cu il Avropa çempionatında çempion edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: