Argentinanın “Veles Sarsfild” klubunun mərkəz hücumçusu Santyaqo Kastro tamhüquqlu əsasda “Bolonya”ya keçib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Transfer İtaliya təmsilçisinə 12 milyon avro məbləğində başa gəlib. Kastro “Bolonya” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.
Santyaqo Kastro “Veles Sarsfild”in yetirməsidir. Bu transfer argentinalı hücumçunun karyerasında ilk transferdir.
Geridə qalmış 2022/2023 mövsümündə Kastro “Veles Sarsfild”in heyətində bütün yarışlarda 35 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Argentinalı gənc hücumçunun qənimətlər muzeyinin rəfləri isə hələ boşdur, gənc futbolçu futbolda hələ heç nə qazanmayıb.
Santyaqo Kastro Argentinanın U-16, U-20 və U-23 yığmalarına cəlb edilib, əsas komandaya isə hələ dəvət almayıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.


