Futbol üzrə Meksika yığma komandasının və İtaliyanın “Milan” klubunun mərkəz hücumçusu Santyaqo Ximenes yenə uzun müddətə sıradan çıxıb.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Ximenes DÇ-2026-nın 1/8 final mərhələsində İngiltərə yığmasına qarşı oyunda zədələnib və meydanı xərəkdə tərk etməli olub. Vurğulanır ki, əzələ bağlarının ikinci dərəcəli gərilməsi ilə üzləşmiş Ximenes 2 ay müddətinə yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Xatırladaq ki, Argentinada dünyaya göz açmış Santyaqo Ximenes Meksikanın “Krus Asul” klubunun yetirməsidir. 2022-2025-ci illər aralığında Niderlandda “Feyenoord”un uğurları üçün çalışmış hücumçu “Milan”a 2025-ci ilin fevralında 30,2 milyon avro müqabilində keçib. Onun İtaliya klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.
Ximenes “Milan”ın heyətində indiyə qədər 37 oyuna çıxıb, 7 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Ximenes 2021-ci ilin oktyabr ayında debüt etdiyi Meksika yığmasında 51 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


