“Sassuolo” 10 milyona yeni futbolçu transfer etdi

İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Loryan” klubundan Arman Lorienteni, “Spetsiya”dan isə Janis Antisti transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya klubu Lorientenin transferi üçün “Loryan”a 10 milyon avro ödəyib. Hücumçu olan 20 yaşlı Antist mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Tuluza”nın yetirməsi olan fransız futbolçu ötən ilin yayından “Spetsiya”da idi. Loriente isə “Renn”in yetirməsidir. 23 yaşlı forvard “Orlean”da da oynayıb. Fransız futbolçu 2019-cu ildən “Loryan”ın uğurları üçün çalışırdı.

“Sassuolo” müdafiəçiləri Marko Pinato və Klod Adjaponq ilə də yollarını ayırıb. 27 yaşlı Pinato “Pordenone”yə, 24 yaşlı Adjaponq isə “Askoli”yə keçib. Transferin maliyyə detalları açıqlanmayıb.

Arman Lorienteni “Sassuolo”ya göndərən “Loryan” qapıçısı Pol Nardini də Belçikanın “Gent” klubuna satıb. Fransadan olan 28 yaşlı qolkiper yeni klubu ilə 2 illik müqavilə bağlayıb. “Gent” bu keçidə görə Fransa klubuna cəmi 150 min avro ödəyib. “Nansi”nin yetirməsi 2019-cu ildən “Loryan”da çıxış edirdi. O, “Monako”, “Renn” və “Serkl Brügge”nin də formasını geyinib, Fransanın aşağı yaş qrupu üzrə yığmalarında oynayıb.

“Loryan” heyətinə yeni futbolçular da cəlb edib. Liqa 1 təmsilçisi “Monako”dan Vito Mannoneni, “Sent Etyen”dən isə Adil Auşişi azad agent kimi heyətinə cəlb edib. Onlarla imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Vito Mannone 2020-ci ildən “Monako”da idi. İtaliyadan olan 34 yaşlı qapıçı London “Arsenal”ının yetirməsidir. O, İngiltərədə London klubu ilə yanaşı, “Barnsli, “Hall Siti”, “Sanderlend”, “Ridinq” kimi klublarda da oynayıb. Təcrübəli futbolçu “Minnesota Yunayted” və “Esbyerq”də də forma geyinib.

Adil Auşiş isə PSJ-nin yetirməsidir. 20 yaşlı futbolçu 2020-ci ildən “Sent Etyendə çıxış edirdi. Yarımmüdafiəçi Fransanın U-20 yığmasının da formasını geyinir.