İngiltərənin “Sauthempton” komandası bir mövsümlük fasilədən sonra yenidən Premyer Liqada oynamaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, ötən gün İngiltərə Çempionşipinin ələmə mərhələsinin final oyunu baş tutub.
Sauthemptonun eyniadlı təmsilçisi həlledici oyunda “Lids”lə qarşılaşıb. Londonun məşhur “Uembli” stadinunda Lesterdən olan baş hakim Con Bruksun idarə etdiyi oyunu 85862 nəfər azarkeş izləyib. Sauthemptonlular bu qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıblar. Bu komandanın ingilis mərkəz hücumçusu Adam Armstronq oyunun 24-cü dəqiqəsində “müqəddəslər”in qələbə qoluna imza ataraq, “Lids”i kədərə qərq edib.
Beləliklə, “Sauthempton” bir il öncə tərk etdiyi İngiltərə Premyer Liqasına qayıdışını rəsmiləşdirib.
Xatırladaq ki, daha əvvəl, Çempionşipin 2023/2024-cü illər mövsümünün qalibi “Lester Siti” və gümüş mükafatçı “İpsviç Taun” Premyer Liqaya yüksəlmişdilər. Bu üç komanda Premyer Liqada elitanı tərk etmiş “Luton Taun”, “Börnli” və “Şeffild Yunayted”i əvəz edəcəklər.


