İspaniyanın “Selta” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Karlos Karvalhal çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2024-cü ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Karvalhal “Selta”da bu gün istefaya göndərilmiş Eduardo Koudeti əvəz edib. Hansı ki, argentinalı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Selta” son 5 matçdan dördündə uduzub və cəmi bir oyunda heç-heçə edib. Komanda 12 turdan sonra 11 xal toplayıb və 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
Eduardo Koudet 2020-ci ilin noyabrından La Liqa təmsilçisinə rəhbərlik edirdi. 48 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 84 oyuna çıxarıb. Sözügedən kollektiv bu görüşlərdə 31 qələbə qazanıb, 19 heç-heçə edib və 34 məğlubiyyətə üzülüb.
Karlos Karvalhal isə son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” komandasına rəhbərlik edib. O, iyundan etibarən çalışdırdığı bu klubdan ötən ay ayrılmışdı. Portuqaliyadan olan 56 yaşlı mütəxəssis daha öncə “Braqa”, “Rio Ave”, “Suonsi Siti”, “Şeffild Uensdey”, “Başakşəhər”, “Beşiktaş”, “Sportinq” (Lissabon), “Maritimo”, “Asteras”, “Vitoriya” (Setubal), “Beyra-Mar”, “Belenenseş”, “Aveş” kimi klublarda da baş məşqçi kimi işləyib.


