Futbol üzrə Türkiyə millisindən ayrılandan bəri işsiz olan Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı anlaşmanın detalları açıqlanmayıb. Amma Türkiyə mətbuatının yazdığına görə, tərəflər 1.5 illik müqaviləyə imza atıblar.
70 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Valerien İsmaeli əvəz edib. Hansı ki, onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Son olaraq Super Liqanın 11-ci turunda “Hatayspor”a səfərdə 1:2 hesabıyla uduzan “qara qartallar”, bu mövsüm 11 oyuna 19 xal toplayıb. 5 qələbə qazanıb, 4 heç-heçə edib, 2 oyunda da məğlub olan komanda hazırda 5-ci pillədə qərarlaşıb.
Valerien İsmael bu ilin mart ayından “Beşiktaş”a rəhbərlik edirdi. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 18 matça çıxarıb. İstanbul təmsilçisi bu görüşlərdə 8 qələbə qazanıb, 7 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Şenol Günəş 2015-2019-cu illər aralığında da “Beşiktaş”a rəhbərlik edib. “Qara qartallar” bu mütəxəssisin rəhbərliyi altında 2 dəfə Türkiyə çempionu olub. O, bu komandanı bütövlükdə 199 matça çıxarıb. “Ağ qaralar” bu görüşlərdə 117 qələbə qazanıb, 46 heç-heçə edib, 36 oyunda isə məğlub olub.
Günəş daha öncə “Trabzonspor”, “Boluspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Seul” və “Bursaspor” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib. O, 2000-2004-cü və 2019-2021-ci illər aralığında da Türkiyə millisinə rəhbərlik edib.


