Şeraldo Bekker satıldı, yeni hücumçu alındı

Futbol üzrə Surinam millisinin və “Union Berlin”in mərkəz hücumçusu Şeraldo Bekker bundan sonra “Real Sosyedad”ın formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi bu transfer üçün Almaniya klubuna 3 milyon avro ödəyib. 28 yaşlı forvardla müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Niderlandda dünyaya göz açmış Şeraldo Bekker “Ayaks”ın yetirməsidir. O, “Union Berlin”ə gələnə qədər Niderlandda “Zvolle” və “Den Haq”ın da formasını geyinib. 2019-cu ilin iyul ayından “Union Berlin”də çıxış edən hücumçu Bundesliqa təmsilçisində 140 oyuna çıxıb, 24 qol vurub, 26 məhsuldar ötürmə müəllifi olub. Şeraldo vaxtilə Niderlandın U-16 yığmasından başlayaraq U-20 millisinə qədər hamısında oynasa da, əsas milliyə dəvət almayıb. Bu üzdən də o, 2021-ci ilin yayında Surinam millisindən aldığı təklifi qəbul edib və bu yığmada debüt edib. O, indiyə qədər Surinam yığmasında 7 oyuna çıxıb, 2 qola imza atıb.

“Union Berlin” Şeraldo Bekkerin əvəzində heyətini Kris Bedia ilə gücləndirib. Kot-d’İvuardan olan 27 yaşlı forvard İsveçrənin “Servett” klubundan transfer olunub. Almaniya klubu bu transfer üçün qarşı tərəfə cəmi 2 milyon avro ödəyib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.

Xatırladaq ki, Kris Bedia peşəkar karyerasına Fransanın “Tur” klubunda başlayıb. Daha sonra o, “Şarlerua”, “Sulte Varegem”, “Trua”, “Soşo” kimi klubların formasını geyinib. 2022-ci ilin yanvarından “Servett” klubunda çıxış edən Bedia, İsveçrə komandasının heyətində 68 oyuna çıxıb, 31 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Kris Bedia Kot-d’İvuarın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: