Futbol üzrə Almaniya milli komandasının və “Bayern”in yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatını (DÇ-2027) buraxacaq.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bir müddət öncə məşq zamanı bud nahiyəsindən ciddi zədə almışdı.
Qnabri sosial şəbəkə hesabında etdiyi paylaşımda mundial arzusunun başa çatdığını və komandanı evdən dəstəkləyəcəyini bildirib. Yarımmüdafiəçi cari mövsümün qalan oyunlarında “Bayern”ə də kömək edə bilməyəcək. Münhen təmsilçisi Bundesliqada növbəti çempionluğunu rəsmiləşdirsə də, hazırda Almaniya Kuboku və UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir.
Xatırladaq ki, Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.
Xatırladaq ki, Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. O, cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 11 məhsuldar ötürmə verib.
Qnabrinin “Bayern” karyerası bütövlükdə 322 oyun, 103 qol və 72 məhsuldar ötürmədən ibarətdir.
Almaniyalı futbolçu karyerası ərzində “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” kimi klubların da formasını geyinib.
Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 59 oyuna çıxıb, 26 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 30 yaşlı almaniyalı vingerin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


