Serjio Oliveyra əməliyyat edildi

Türkiyə çempionu “Qalatasaray”ın və Portuqaliya milli komandasının yarımmüfafiəçisi Serjio Oliveyra əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə təcrübəli oyunçu rəsmi “İnstagram” səhifəsində paylaşım edib.

O, bir müddət əvvəl çiynindən aldığı zədədən sonra ölkəsində əməliyyat olunduğunu açıqlayıb.

İdman zalında ağırlıq məşqləri edərkən sinəsində sınıq yaranan təcrübəli futbolçu Portuqaliyada uğurlu əməliyyat keçirib. O, sosial media hesabındakı paylaşımında bunları qeyd edib: “Əməliyyat baş tutdu. “Qalatasaray” rəhbərliyinə və klub həkimi Yener İncəyə açıq fikirli olduqları və Portuqaliyada sağalma seçimimə etibar etdikləri üçün təşəkkür edirəm”.

Bir müddət yaşıl meydanlardan uzaq qalacaq 31 yaşlı futbolçu “Fənərbaxça” ilə derbidə də oynaya bilməyəcək.

Xatırladaq ki, “Qalatasaray” Serjio Oliveyranı 2022-ci ildə “Portu”dan transfer edib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 54 matçda 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin Türkiyə nəhəngi ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

“Portu”nun yetirməsi olan futbolçu karyerasının ilk illərində “Beyra-Mar”, “Mexelen”, “Penafiel” kimi klublarda icarədə oynayıb. 2013-cü ildə “Pasuş de Ferreyra” klubuna transfer olunan mərkəz yarımmüdafiəçisi, 2015-ci ildə yenidən “Portu”ya qayıdıb. Lakin o, bu dəfə də “Nant”, PAOK və “Roma” kimi klublara icarəyə verilib.

Portuqaliya yığmasında da 13 oyun keçirmiş Serjio Oliveyra, milli komandada cəmi 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı Serjio Oliveyranı 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: