Seru Girassi – “Ştutqart”ın Bundesliqada yeni rekordçusu!

Bundesliqanın 29-cu turunda Frankfurt “Ayntraxt”ına qarşı ev oyunu “Ştutqart”ın qvineyalı mərkəz hücumçusu Seru Girassi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Girassi bu oyunda qol vurmaqla həm komandasının 3:0 hesalı qələbəsinə töhfə verib, həm də cari mövsümdə Bundsliqada 25-ci qoluna imza atıb.

Beləliklə Girassi bu nəticə ilə “Ştutqart”ın heyətində bir mövsüm ərzində Bundesliqada ən çox qol vurmuş futbolçu kimi adını tarixə yazıb.

Buna qədər müvafiq nəticə almaniyalı hücumçu Mario Qomesə məxsus idi – 24 qol. Qomes bu nəticəyə 2008/2009 mövsümündə nail olmuşdu.

Xatırladaq ki, Girassi bu mövsüm Bundesliqada 23 oyunda 25 qol vurmaqla yanaşı, 1 məhsuldar ötürmə verib və qolçuluq yarışında 2-ci yerdə qərarlaşıb. Bundesliqanın ən sərrast futbolçusu isə 29 oyunda 32 qol vurmuş, “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyndir.

Girassi “Ştutqart”a 2023-cü ilin iyulunda 9 milyon avro məbləğ müqabilində “Renn”dən tamhüquqlu əsasda transfer edilib. Buna qədər Girassi “Ştutqart”da “Renn”dən icarə əsasında çıxış edib. Qvineyalı hücumçunun Şvabiya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Girassi “Ştutqart”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 27 qol vurub, 2 məhsuldar ötürmə verib.

Seru Girassi 2022-ci ilin martında debüt etdiyi Qvineya yığmasının heyətində 16 oyuna 3 qolla fərqlənib.

Seru böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 28 yaşlı qvineyalı mərkəz hücumçusu Seru Girassinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.