İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero “şəhərlilər”in heyətində vida matçına çıxıb.
Arena.az xəbər verir ki, o, İngiltərə çempionatında mövsümün son turu çərçivəsində baş tutan “Everton”la görüşün iştirakçısı olub.
Baş məşqçi Xosep Qvardiola, hələ bir neçə ay öncədən mövsümün sonunda komandanı tərk edəcəyi açıqlanmış futbolçunu 65-ci dəqiqədə meydana buraxıb. Argentinalı hücumçu isə bu şansdan maksimum yararlanaraq, iki qol vurub. 71 və 76-cı dəqiqələrdə fərqlənən 32 yaşlı futbolçu, bununla həm də Premyer Liqanın tarixinə düşüb. Belə ki, Aquero İngiltərə çempionatında bir komandanın heyətində ən çox (184) qol vuran futbolçuya çevrilib. Əvvəlki rekord “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runiyə məxsus idi – 183 qol.
Bununla da Aqueronun 10 illik “Mançester Siti” karyerası başa çatıb. Futbolçu ilə klub arasındakı müqavilənin müddəti məhz 2021-ci ilin yayında qədər idi. Anlaşmanın müddəti artırılmadığı üçün futbolçu azad agent statusu ilə komandadan ayrılacaq. Onun karyerasını İspaniyanın “Barselona” klubunda davam etdirəcəyi iddia olunur.
Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 10 il ərzində 389 oyuna çıxıb, 260 qola imza atıb. Hücumçu bu komandanın heyətində ən çox qol vurmuş futbolçu kimi tarixə düşüb.
Argentinalı futbolçu “şəhərlilər”in heyətində 15 titul qazanıb. Belə ki, beş dəfə Premyer Liqanın qalibi olan Aquerolu “Mançester Siti”, altı dəfə İngiltərə Liqa Kubokunda, bir dəfə də İngiltərə Kubokunda baş mükafata sahib çıxıb. O, üç dəfə də İngiltərə Super Kubokunda çempionluq sevinci yaşayıb.
Argentina yığmasının sabiq üzvü bu mövsüm zədə səbəbindən “Mançester Siti”yə çox kömək edə bilməyib. Belə ki, o, İngiltərə Premyer Liqasında cari mövsümdə cəmi 12 oyuna çıxıb. Futbolçu bu oyunlarda cəmi 4 qol vurmağı bacarıb. Mançester təmsilçisi isə 38 oyuna topladığı 86 xalla Premyer Liqanın qalibi olub.
Aquero “Mançester Siti”yə Madrid “Atletiko”sundan transfer edilmişdi. Argentinanın “İndependyente” klubunun yetirməsi olan futbolçu İspaniya klubunda 2006-2011-ci illər aralığında forma geyinib. Serxio Argentina yığmasında da 97 oyun keçirib, 41 qola imza atıb.


