“Sauthempton”un və Şimali İrlandiya millisinin mərkəz yarımmüdafiəçisi Şey Çarlz bundan sonra “Fulhem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, İngiltərə klubları 22 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəldiklərini rəsmən açıqlayıblar.
“Fulhem” bu transfer üçün “Sauthempton”a 30,4 milyon avro təzminat ödəyib. 22 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xatırladaq ki, Şey Çarlz “Mançester Siti”nin yetirməsidir. O, 12 il ərzində bu klubun aşağı yaş qruplarında çıxış edib. “Sauthempton” Çarlzı 2023-cü ildə 12,5 milyon avro müqabilində heyətinə qatmışdı. Futbolçu bu komandanın heyətində 76 oyuna çıxıb, 6 qol və 2 assistlə yadda qalıb. O, bir müddət “Şeffild Uensdey” klubunda icarədə də olub.
Şey 2022-ci ildən Şimali İrlandiya yığmasının formasını geyinir. O, ölkəsinin milli komandasında 35 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.


