Şeymus Koulman daha bir il “Everton”da

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” klubu kapitanı Şeymus Koulman ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, təcrübəli futbolçu daha bir il bu komandanın formasını geyinəcək. Yeni müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Bu, müdafiəçinin “Everton”dakı 16-cı və sonuncu mövsümü olacaq.

35 yaşlı oyunçu 2009-cu ildə İrlandiyanın “Slayqo Rovers” klubundan “Everton”a 60 min funt-sterlinq qarşılığında transfer edilib. O, Liverpul komandasının heyətində ümumilikdə 422 oyun keçirib. Sağ cinah müdafiəçisi bu görüşlərdə 28 qol vurub, 29 məhsuldar ötürmə müəllifi olub.

Ötən mövsüm Koulmen İngiltərə Premyer Liqasında 12 oyunda meydana çıxıb. Bütövlükdə isə 2023/2024 mövsümündə təcrübəli oyunçu 15 oyunun iştirakçısı olub.

Xatırladaq ki, Şeymus Koulman “Slayqo Rovers” klubunun yetirməsidir. İrlandiyalı futbolçu 2010-cu ildə qısa müddət “Blekpul”da icarədə oynayıb.

Koulman 2011-ci ilin fevral ayında debüt etdiyi İrlandiya yığmasında 72 matça çıxıb. O, bu oyunlarda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı futbolçunun transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: