Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Farer adalarına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqası çərçivəsində bu gün Bakıda keçirilmiş Farer adaları ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.
Oyundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov bunları söyləyib:
“Əvvəlki oyunda qrup liderliyini təmin etmişdik. Kipr millisi ilə qarşılaşmadan sonra futbolçuları oyuna kökləmək bir qədər çətin idi. Rəqibin də ötən matç böyükhesablı məğlub olması bizimlə oyuna daha ciddi yanaşmasına səbəb olmuşdu. Belə demək mümkünsə, daha çox müdafiə olunaraq əks-hücumlarda qol vurmağa çalışırdı. İlk hissə bizim üçün çətin oldu. Baxmayaraq ki, qol vurmaq üçün bir neçə imkanımız vardı. Fasilədən sonra istədiyimiz oyun planını qurub qələbə qolunu vura bildik. Qrupda 5 qələbə qazanıb, 1 heç-heçə etdik. Əldə olunan nəticələrə görə komandanın hər bir üzvünə təşəkkür edirəm. Bu uğurlu nəticənin davamını gətirməyə çalışacağıq. Bizi B Liqasında daha çətin rəqiblər, daha çətin oyunlar gözləyir. B Liqasındakı oyunlara da ciddi yanaşıb maksimum nəticə qazanmaq istəyirik”.
Xatırladaq ki, Farer adaları ilə oyunda komandamızın yeganə qolunu 68-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
6 oyundan sonra 16 xal toplayan millimiz qrup lideri olub. Komandamız bu nəticə sayəsində UEFA Millətlər Liqasında B Liqasına vəsiqə qazanıb. Bu qrupda Farer adalarından başqa Monteneqro və Kipr yığmaları da yer almışdılar.


