Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının (DÇ-2026) finalında İspaniya yığmasına məğlub olduqları görüşü şərh edib.
Arena.az xəbər verir ki, Argentina final matçında İspaniyaya 0:1 hesabı ilə uduzaraq dünya çempionu titulunu qazana bilməyib.
Skaloni qarşılaşmadan sonra məyus olduqlarını bildirib, lakin komandasının turnirdə göstərdiyi mübarizədən qürur duyduğunu qeyd edib:
“Əlbəttə, kədərlənirik. Amma meydana çıxıb əlimizdən gələni etdik. Bura necə gəldiyimiz barədə deyiləcək çox söz var, lakin indi bunun yeri deyil. Bu futbolçulara sonsuz təşəkkür edirəm. Onlar sonadək mübarizə apardılar və bizi yenidən dünya çempionatının finalına daşıdılar”, – deyə argentinalı mütəxəssis bildirib.
Argentina millisinin baş məşqçisi İspaniyanın qələbəyə layiq olduğunu da etiraf edib:
“İspaniya daha güclü idi, bu həqiqətdir. Amma bu turnirdə komandamın gördüyü işlər və finala qədər irəliləməyimiz mənim üçün həmişə gözəl xatirə olaraq qalacaq. Biz bu uğurun dəyərini bilməliyik. Çünki dünya çempionatının finalına yüksəlmək heç də asan deyil”.
Skaloni əlavə edib ki, komanda məğlubiyyəti də ləyaqətlə qəbul etməyi bacarmalıdır:
“Bu, çox ağrılıdır. Amma məğlubiyyətdə də möhtəşəm olmağı bacarmalıyıq. Biz uduzmağı da bacardığımızı göstərdik. Lakin bu, bura gəlmək üçün etdiyimiz hər şeyi unudacağımız anlamına gəlmir”.
Qeyd edək ki, İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.


