Slavik Alxasov “Araz-Naxçıvan”ı tərk etdi

2026/2027-ci illər mövsümünə hazırlığı davam etdirən “Araz-Naxçıvan” klubu sol cinah müdafiəçisi Slavik Alxasov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin müqaviləsinə özünün xahişi əsasında xitam verilib. Böyük ehtimalla o, karyerasını başqa klubda davam etdirmək istədiyi üçün Naxçıvan təmsilçisindən ayrılıb.

Xatırladaq ki, Slavik Alxasov 2024-cü ilin avqustundan “Araz-Naxçıvan”da çıxış edirdi. 33 yaşlı sol cinah müdafiəçisi bu komandanın heyətində 61 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib. O, daha öncə “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Zirə”, “Xəzər Lənkəran” və “Turan Tovuz” kimi klublarda da çıxış edib. Alxasov Naxçıvan klubu ilə elə bu yay yeni müqavilə bağlamışdı.

“Araz-Naxçıvan” bu yay Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Ürfan Abbasovla da yollarını ayırmışdı.

Gedənlərin əvəzində Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara, Abdallah Sudi, Mamadu Kane və Ceyhun Nuriyev transfer edilib. Tərlan Əhmədli, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə və Bruno Franko ilə də yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: