Sloveniyada futbol yarışları dayandırılıb.
Arena.az xəbər verir ki, bu barədə Sloveniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bu qərarın verilməsinə ölkədə tətbiq olunan sərt karantin rejimi səbəb olub.
Xəbərdə bildirilir ki, ölkə rəhbərliyinin Sloveniyada tətbiq etdiyi sərt karantin rejimi ilə əlaqədar, federasiya 1-11 aprel aralığıda keçirilməsi nəzərdə tutulan bütün futbol qarşılaşmalarını təxirə salmaq məcburiyyətində qalıb. Bir sözlə, Sloveniyada futbol yarışları ən yaxşı halda, aprelin 12-dən etibarən bərpa olunacaq.
Sloveniya Futbol Federasiyasının prezidenti Radenko Miyatoviç bununla bağlı qurumun rəsmi saytına açıqlamasında belə bir qərarın verilməsindən məyusluğunu gizlətməyib:
“Bu cür qərarlar futbola və idmana çox böyük və düzəldilməz ziyan vurur. Belə qərar qəbul edənlərin futbola və idmana qeyri-peşəkar münasibəti bizi bir daha təsirləndirir və məyus edir. Hökumətə və əlaqədar qurumlara göndərilən çağırışlarımız bəhrəsiz qaldı. Ölkənin ən böyük futbol yarışlarının davam etdirilməsinə imkan verəcək qərar qəbul ediləcəyinə ümid bəsləsək də, yekun hər birimizi üzdü”.
Qeyd edək ki, futbol üzrə Sloveniya çempionatında 10 komanda mübarizə aparır. 2020/21 mövsümünün geridə qalan 27 turundan sonra Lyublyana “Olimpiya”sı 50 xalla zirvədə qərarlaşıb. 49 xala malik “Maribor” ikinci, 45 xalı olan “Mura” üçüncüdür. Mövsümün başa çatmasına isə 9 tur qalıb. Normal təqvimə görə, Sloveniya çempionatında cari mövsümə mayın 19-da yekun vurulmalı idi. Lakin aprelin 11-nə qədər keçirilməli olan iki turun (28 və 29-cu turlar) təxirə salınacağını nəzərə alsaq, böyük ehtimalla 2020/21 mövsümü bir qədər gec başa çatacaq.


