“Tottenhem”in və Cənubi Koreya millisinin hücumameylli yarımmüdafiəçisi Son Hın Min Asiyanın 2023-cü il üçün ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, o, asiyalı futbol jurnalistləri və ekspertləri arasında səsvermədən qalib ayrılıb.
Mükafat Asiya Futbol Konfederasiyasını təmsil edən çempionatlarda forma geyinən futbolçular arasından seçilir.
Beləliklə, Son karyerasında ardıcıl 7-ci, bütövlükdə isə 9-cu dəfə bu mükafatı qazanıb. 2023-cü ildə o, 22,9 faiz səslə həmyerlisi Kim Min Jeni (19,54) geridə qoyub.
Xatırladaq ki, Son Hın Min “Tottenhem”ə 2015-ci ilin avqustunda 20 milyon avro müqabilində Leverkuzen “Bayer”indən keçib. Onun “mahmızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Son kapitanı olduğu “Tottenhem”in heyətində 21 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Onun İngiltərə klubundakı karyerası bütövlükdə 393 oyun, 157 qol və 85 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli futbolçu daha öncə Almaniyanın “Hamburq” və “Bayer” klublarında forma geyinib.
Son hazırda kapitanı olduğu, 2010-cu ilin dekabrında debüt etdiyi Cənubi Koreya yığmasının heyətində 116 oyun keçirib. O, bu oyunlarda 41 qol vurub, 19 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Sonu 50 milyon avro məbləğində qiymətləndirir.