Son Hın Min Premyer Liqanın tarixinə düşdü

İngiltərə Premyer Liqasının 30-cu turunun “Brayton”la ev oyunu “Tottenhem”in hücumçusu Son Hın Min üçün əlamətdar olub. Arena.az xəbər verir ki, Cənubi Koreyadan olan futbolçu komandasının 2:1 hesablı qələbəsinə bir qolla töhfə verib.

Belə ki, bu matçda hesabı 10-cu dəqiqədə məhz 30 yaşlı forvard açıb. Bu, onun İngiltərə Premyer Liqasında vurduğu 100-cü qol kimi tarixə keçib. Bununla da Son, Premyer Liqada 100 qol vuran ilk asiyalı oyunçuya çevrilib.

Xatırladaq ki, “Tottenhem”in “Brayton”la oyundakı digər qolunu Harri Keyn vurub. Bu nəticədən sonra London təmsilçisi 53 xalla 5-ci pillədə qərarlaşıb.

Son Hın Min 2015-ci ilin avqust ayında Almaniyanın “Bayer” klubundan 30 milyon avro qarşılığında “Tottenhem”ə keçib. Asiyalı futbolçu Premyer Liqa təmsilçisində 364 oyuna çıxıb, 142 qol və 78 məhsuldar ötürmə müəllifi olub.

Son daha öncə “Bayer” (87 oyun, 29 qol və 11 assist) və “Hamburq” (78 oyun, 20 qol, 3 assist) klublarının uğurları üçün çalışıb. O, Cənubi Koreya milli komandasında 110 oyun keçirib və 37 qola imza atıb.