Son Hın Min “Tottenhem”də qalmasına aydınlıq gətirdi

“Tottenhem”in 32 yaşlı cənubikoreyalı sol cinah hücumçusu Son Hın Min “mahmızlar”ı niyə tərk etmədiyini əsaslandırıb.

Arena.az “Football.London” dərgisinə istinadən, Sonun qənimərlər qazanmamasına rəğmən, “Tottenhem”də qalmağa qərar verməsinə necə aydınlıq gətirdiyini təqdim edir:

“Bu haqda uzun illərdir danışırlar. Mənim “Tottenhem”də qalmağıma əsas səbəb odur ki, bu, mənim, indiyə qədər kimsənin edə bilmədiyini etmək arzumdur. Məhz buna görə mən buradayam. Bu müşkülü çözmək üçün bütün hissələr gərəkdir.

Düşünürəm ki, mən bu müşkülü çözmək üçün bütün hissələri toplamışam, bircəsi əskikdir. Hiss edirəm ki, mənim üçün son hissə çatışmır, bütün bu on ildə mən onun arayıb-tapmağa çalışıram. Ümüdvaram, bu dəfə mən bu müşkülü çözə biləcəyəm.

Xatırladaq ki, 2015-ci ilin avqust ayından “Tottenhem” üçün qan-tər tökən Son Hın Min “mahmızlar”la bircə qənimət belə, qazana bilməyib.

Ancaq Sonun belə bir fürsəti gerçəkləşə bilər. Belə ki, “Tottenhem” İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşacağı Avropa Liqasının final oyununa vəsiqə qazanıb. Komandalar mayın 21-də Bilbaonun “San-Mames” stadionunda qarşılaşacaqlar.

Son Hın Min “Tottenhem”ə 2015-ci ilin avqust ayında 20 milyon avro məbəğ müqabilində Leverkuzen “Bayer”indən tamhüquqlu əsasda keçib. “Sonni”nin “mahmızlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Son kapitanı olduğu “Tottenhem”in heyətində bütün yarışlarda 44 oyunda 11 qol vurub, 12 məhsuldar ötürmə verib.

“Sonni”nin “mahmızlar”ın heyətində çıxışının ümumi mənzərəsi 452 oyun, 173 qol və 101 məhsuldar ötürmədən ibarətdir.

Son hazırda kapitanı olduğu, 2010-cu ilin dekabr ayında debüt etdiyi Cənubi Koreya Respublikası yığmasının heyətində 133 oyun keçirib, 51 qol vurub, 23 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.