Futbol üzrə Cənubi Koreya yığmasının hücumçusu Son Hın Min növbəti mövsümdə də “Tottenhem”də qalacağını təsdiqləyib.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
“Premyer Liqada etmək istədiyim daha çox şey var. İndi mənim üçün pul önəmli deyil, amma futbol oynamağımdan doğan qürur, sevimli liqamda oynamağımın qüruru önəmlidir. “Tottenhem”də oynamağa davam etmək istəyirəm”, deyə Son bildirib.
Daha əvvəl “Əl-İttihad”ın koreyalı hücumçunu almaq niyyətində olduğu bildirilirdi. Ərəb klubu bu transfer üçün 60 milyon avro ödəməyə hazır idi. Sözügedən klub hücumçuya illik 30 milyon avro məvacib təklif etmişdi.
Xatırladaq ki, Son Hın Min 2015-ci ilin yayında Leverkuzen “Bayer”indən “Tottenhem”ə keçib. 30 yaşlı hücumçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna qədər qüvvədədir.
O, 2022/2023 mövsümündə “Tottenhem”in heyətində 47 oyun keçirib, 14 qol vurub, 6 məhsuldar ötürmə edib
“Transfermarkt” internet-portalı Son Hın Mini 50 milyon avro məbləğində qiymətləndirir.