Stefan Akka rəsmən “Zirə”də!

Yeni mövsümə hazırlığını davam etdirən “Zirə” heyətini Kot-d’İvuardan olan mərkəz müdafiəçisi Stefan Akka ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Təcrübəli müdafiəçinin sonuncu iş yeri İsrailin “Sektzia Ness Ziona” klubu olub. O, ötən ilin sentyabrından formasını geyindiyi sözügedən komandanı bu yay azad agent kimi tərk edib. Müdafiəçi İsrail klubunda 28 matça çıxıb, 1 qol da vurub.

Stefan Akka daha öncə Türkiyənin “Ərzurumspor”, İsrailin “İroni Kiryat Şmona”, Rumıniyanın “Unversitatya” (Krayova), “Krayova 1948”, İtaliyanın “Leqnaqo Salus”, “Belluno” klublarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Zirə” daha öncə Məqsəd İsayev, İsmayıl İbrahimli, Ruan Renato, Fuad Bayramov, Tiaqo Silva və Pyer Zeblini də heyətinə qatmışdı.

Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui, Donald Gerye və Nemanya Andelkoviç isə komandanı tərk ediblər.

Hacıağa Hacılı, Anar Nəzirov və Rüstəm Əhmədzadə də klubla yeni müqavilə bağlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: